- Avropa çempionatı
- 23:05 23.10.2026
İtaliyanın “Milan” klubu komandanın qapıçısı Mayk Menyana qarşı sosial şəbəkələrdə səsləndirilən irqçi təhqirlərlə bağlı bəyanat yayıb.
90deqiqe.Az xəbər verir ki, klub İngiltərənin “Bornmut” komandası ilə matçdan sonra qapıçının üzləşdiyi təhqirləri qətiyyətlə pisləyib və irqçiliyin, eləcə də ayrı-seçkiliyin istənilən formasının qəbuledilməz olduğunu vurğulayıb.
“Milan”ın rəsmi saytında yayımlanan bəyanatda Menyana tam dəstək ifadə olunub:
“Klub Mayk Menyanla tam həmrəy olduğunu və ona dəstək verdiyini bildirir. Həmçinin hörmət, inklüzivlik və bərabərlik dəyərlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir. Bunlar “Milan”ın dəyərləridir”.
İtaliya klubu azarkeşləri və bütün futbol ictimaiyyətini birliyə çağıraraq ölkə futbolunun əvvəlki nüfuzunu bərpa etmək üçün birgə səylərin vacibliyini qeyd edib.
“Hamımız qalib gəlmək istəyirik, lakin bunu ləyaqətlə, qarşılıqlı hörmət və yüksək mədəniyyət nümayiş etdirərək etməliyik”, – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Mayk Menyan UEFA Avropa Liqasının liqa mərhələsində “Bornmut”a qarşı keçirilən və 0:3 hesabı ilə başa çatan oyunda meydandan qovulub. Qapıçı qarşılaşmanın gedişində İngiltərə klubunun yarımmüdafiəçisi Tayler Adamsın üzünə hər iki əli ilə zərbə endirdikdən sonra qırmızı vərəqə alıb.