- Çempionlar liqası
- 22:50 27.11.2025
UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda yarımçıq dayandırılan PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) matçına yeni hakimlər briqadası təyin olunub.
Corner.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti bildirib.
Bildirilib ki, niderlandlı hakim Danni Makkeli matçın yeni baş hakimi təyin edilib.
Makkeliyə həmyerlisi Mario Diks və polşalı Marsin Bonek kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Polşadan Bartoş Frankovski olacaq. Baş hakimin VAR üzrə köməkçiləri isə Marko Di Bello və Maurisio Marianidir.
Daha əvvəl UEFA-nın mətbuat xidməti bildirib ki, matç bu gün saat 21:55-də qaldığı yerdən davam edəcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə Türkiyənin "Başakşehir" klubu arasındakı qarşılaşmanın 14-cü dəqiqəsində qalmaqal yaranıb. Buna oyunun 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub. Buna baxmayaraq, matçın baş hakimi Ovidiu Hatseqan 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib. Nəticədə PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) matçı təxirə salınıb.