UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Atalanta” klubu ilə oyun “Real”ın kapitanı Serxio Ramosla hücumçu Kərim Benzema üçün əlamətdar olub.
Corner.az xəbər verir ki, hər iki futbolçu Madrid klubunun qələbəsinə vurduğu bir qolla töhfə verib.
Benzema 34-cü dəqiqədə hesabı açmaqla ÇL-də vurduğu qolların sayını 70-ə çatdırıb. Bununla da o, qitənin ən nüfuzlu klub turnirində 70 qol həddinə çatan 5-ci futbolçu olub. Fransız forvard bu baxımdan yalnız Kristiano Ronaldo (134), Lionel Messi (120), Robert Levandovski (72) və Raul Qonsalesdən (71) geri qalır.
Serxio Ramos isə 60-cı dəqiqədə penaltini dəqiq yerinə yetirməklə ÇL-də qol sayını 15-ə çatdırıb. Bu göstəricidə Jerar Pike və İvan Elqueraya çatan təcrübəli ispan futbolçu, ÇL-də ən çox qol vuran müdafiəçilərin siyahısında yalnız Roberto Karlosdan geri qalır. Braziliyalı sol cinah müdafiəçisi vaxtilə bu turnirdə 16 qola imza atıb. Bu isə o deməkdir ki, Ramos bu mövsüm ÇL-də yenə fərqlənsə, həm Karlosa çata, həm də onu geridə qoya bilər.
Onu da qeyd edək ki, Ramos ÇL-də 14 qolu olan Zinədin Zidan, Ronaldo Nazario, Adriano və Miroslav Klozeni də geridə qoyub.