- Çempionlar liqası
- 23:48 20.03.2026
“Mançester Yunayted”un hücumçusu Kristiano Ronaldo UEFA Çempionlar Liqasında yeni rekordlara imza atıb.
Corner.az xəbər verir ki, 36 yaşlı futbolçu buna qrup mərhələsinin ilk turu çərçivəsində baş tutan “Yanq Boyz”la (İsveçrə) səfər oyununda nail olub.
Ronaldo bu matçda Çempionlar Liqasında 177-ci oyununa çıxıb. Bununla da portuqaliyalı forvard, “Real”ın sabiq qapıçısı İker Kasilyasa məxsus rekordu təkrarlayıb. Ronaldo daha bir oyuna çıxacağı halda, ÇL-da ən çox oyuna çıxmış futbolçu kimi mütləq rekordçu olacaq. Hazırda Kasilyasla Ronaldonu Xavi (151), Lionel Messi (149) və Raul (142) izləyir.
Çempionlar Liqasında qrup mərhələsinin 2021/22 mövsümünün ilk qolunu da Ronaldo vurub. Portuqaliyalı hücumçu 13-cü dəqiqədə fərqlənməklə komandasını hesabda önə keçirərək özünə aid rekordu da yeniləyib. Belə ki, ÇL-da ən çox qol vuran futbolçu elə Ronaldodur – 135 qol. Kristiano həm də iki ayrı mövsümdə ÇL-in qrup mərhələsinin ilk qoluna imza atmış futbolçu kimi tarixə düşüb. O, 2009-cu ildə Madrid “Real”ında çıxış edərkən “Sürix”ə 5:2 hesabıyla qalib gəldikləri oyunda da ÇL-in 2009/10 mövsümünün ilk qolunu vurmuşdu.
Ronaldo, “Yanq Boyz”la oyuna qədər Lionel Messi və Kərim Benzema ilə birgə ÇL tarixində ardıcıl 16 mövsüm qol vuran futbolçu idi. O, bu oyunda vurduğu qolla ardıcı 17-ci mövsümdə ÇL-də fərqlənməyi bacaran ilk futbolçu ünvanına da qazanıb.
Kristiano İsveçrə təmsilçisinə vurduğu qolla ÇL-da 36 fərqli komandanın qapısından qol keçirib. Bununla da o, Lionel Messinin rekorduna şərik çıxıb.