“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Rusiyanın Ukraynaya hücumu haqda fikirlərini bildirib.
Corner.az xəbər verir ki, ispan mütəxəssis Çempionlar Liqasının “Sportinq”ə qarşı keçirilən 1/8 finalın cavab matçından sonra (0:0) jurnalistlərin bu mövzuda suallarını cavablandırıb:
“Böyük dünya dramı odur ki, bəzi ölkələr gözqabağında dağıdılmaqda davam edir. Çünki bir nəfər hesab edir ki, günahsız insanları da qırmaq olar. Dünya ölkələri isə hər zaman kimi susur. Bütün bunlar siyasətin, iqtisadiyyatın, hər şeyin alt-üst olmasına gətirib çıxarır.
Özünüzü vətəninizdə təsəvvür edin, yad bir nəfər evinizə gəlir, ora soxulur, ailənizi və dostlarınızı öldürür. Bundan sonra sən hər şeyini itirirərək başqa ölkəyə üz tutmaq məcburiyyətində qalırsan. Bu, sizin, mənim günahım ucbatından olmayıb”.
Qvardiola, Ukraynaya lazımi dəstək vermədiyi üçün dünya güclərini də ittiham edib: “Hanı NATO? Hanı ABŞ? Hanı Avropa Birliyi? Sülh tapmaq artıq gecdir. Bütün bunlar siyasi təşkilatların yarıtmazlığına görədir. Belə təəssürat vardı ki, həmin təşkilatlar insanların yaxşı yaşaması üçün idi. Amma elə deyilmiş. Biz işləyərək vergi ödəyirik. Onlar bu hadisələrin baş verməsinə görə narahat olmalıdırlar. Amma hamısı uğursuzdurlar”.
Qeyd edək ki, fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçib və bütün dünyada etirazla qarşılanıb. Rusiya -Ukrayna arasında müharibə hazırda da davam edir.