Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutub.
İlk oyunda “Qarabağ”ın pley-offdakı potensial rəqibləri üz-üzə gəliblər. "Şerif" Moldovada Çexiyanın "Viktoriya" (Plzen) komandasını sınağa çəkib. Üç qolun qeydə alındığı matçda qonaqlar qələbə qazanıb.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Bolqarıstanda "Ludoqorets"in qonağı olub. 25 yaşlı forvard zədə səbəbindən bu görüşü buraxıb. Onun yoxluğunda komandası səfərdən qələbə ilə qayıtmağı bacarıb.
Niderland PSV-si Fransada "Monako" ilə üz-üzə gəlib. Bu oyunda komandalar hərəyə 1 qol vurublar. Şotlandiya "Reyncers"i Belçikada "Yunion" ilə dueldən məğlub ayrılıb. Danimarka "Midtyulland"ı da Portuqaliyada "Benfika" ilə oyunda ağır məğlubiyyətlə üzləşib.
Bu mərhələnin digər 5 oyunu avqustun 3-də keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" Bakıda Macarıstan "Ferentsvaroş"unu qəbul edəcək.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
2 avqust
Şerif (Moldova) - Viktoriya (Plzen, Çexiya) 1:2
Ludoqorets (Bolqarıstan) - Dinamo (Zaqreb, Xorvatiya) 1:2
Monako (Fransa) - PSV (Niderland) 1:1
Yunion (Belçika) - Reyncers (Şotlandiya) 2:0
Benfika (Portuqaliya) - Midtyulland (Danimarka) 4:1