23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın zəhərli dişlərini qırmalıyıq


Qarabağ'ın zəhərli dişlərini qırmalıyıq

"Cavab görüşündə rəqibin zəhərli dişlərini qırmalıyıq".

Corner.az-ın məlumatına görə, bunu Macarıstan "Ferentsvaroş"unun futbolçusu Eldar Çiviç UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la keçirəcəkləri ev oyunu barədə danışarkən deyib.

26 yaşlı müdafiəçi Bakıda 1:1 hesablı heç-heçə ilə nəticələnmiş ilk görüşü analiz etdikdən sonra Budapeştdəki qarşılaşmada daha ağıllı oyun sərgiləyəcəklərini bildirib: "Rəqibin orta həddən yuxarı sürətdə olan hücumçu və vingerlərinin olduğunu bilirdik. Onlar bunu Bakıda sübut etdilər. Həmin futbolçuları saxlamaq çətin idi. Topu itirdikləri vaxt ağıllı çıxış etməyimiz lazım gəlirdi. Budapeştdə rəqibin entuziazmını tez söndürmək vacib olacaq. Onların sürət götürmələrinə mane olmalıyıq".

Çiviç, "Groupama Arena"dakı qarşılaşmaya nəticəni bilərək çıxacaqlarını və onları öz azarkeşləri də dəstəkləyəcəklərini vurğulayıb: "Xoş haldır ki, bütün biletlər saniyələr ərzində satılıb. Bu, şiddətli revanş matçı olacaq. Yəqin ki, xırda məqamlar irəli gedib-getməyəcəyimizi həll edəcək. Lakin biz matça bütün varlığımızla köklənməkdəyik".

O ilk oyunla da bağlı fikirlərini bölüşüb: "Bakıda cəhənnəm idi. Qızmar havada oynadıq. Hələ matç öncəsi isinmə hərəkətlərinə çıxarkən, qeyri-adi görüş olacağını hiss etmişdim. Boğucu istidə köynəyimizin önünü açmalı olduq. Oyunun sonlarında həmişəkindən də çox yorulmuşduq. Belə təsəvvür edə bilərəm: Sanki bizi metal kağızdan çadıra salmışdılar. Nəfəs almaq çətin idi. Bununla belə, layiqli qiymətimizi vermək lazımdır. Çətin şərtlərə rəğmən, tam gücümüzü ortaya qoyduq, mübarizə apardıq və hesabda önə keçdik. Sonradan qol buraxsaq da, səfərdə 1:1 hesablı nəticə normaldır. Əlbəttə, qalib gəlmək də pis olmazdı. Buna imkanımız da var idi. Lakin ümumilikdə heç-heçədən narazı ola bilmərik. Axı, "Qarabağ" öz meydanında 30 000-dək azarkeş önündə oynayırdı. Azarkeş dəstəyinin nə qədər müsbət amil olduğunu biz gözəl anlayırıq".

Çiviç zədə üzündən ikinci hissədə əvəzlənməli olan Sami Mmae və Mats Knusterin yoxluğunda hesabı qoruya bildiklərinə də diqqət çəkib: "Bu, qeyri-adi vəziyyət sayılsa da, futbolda hər şey mümkündür. 26 yaşım var, bilirəm ki, meydandakı hər şeyə hazır olmaq lazımdır. Bu iki mərkəz müdafiəçimizin dəyişilməsi həqiqətən də asan situasiya deyildi. Lakin onurğa sütunumuz o qədər güclüdür ki, onların yerinə meydana daxil olanlar eyni əminliklə məsələni həll edirlər. Əvəzetmələrdən sonra qol da buraxmadıq. Hər iki oyunçunun cavab görüşünədək sağalacaqlarına və meydana ən yaxşı heyətlə çıxacağımıza inanıram".

Bosniya və Herseqovina millisinin üzvü "Ferentsvaroş" "Qarabağ"la müqayisədə daha yaxşı komanda olduğunu bildirib. Onun fikrincə, üstünlüyü sübuta yetirmək lazımdır: "Bütün komanda yoldaşlarıma inanır və bilirəm ki, "Qarabağ"ı keçməyə qadirik".

Qeyd edək ki, avqustun 9-da keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.







Çempionlar liqası

Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"