"Qalatasaray"ın və Türkiyə millisinin sabiq çalışdırıcısı Fatih Terim İstanbulda keçiriləcək UEFA Çempionlar Liqasının finalı ilə bağlı açıqlama verib.
Corner.az xəbər verir ki, İtaliyanın məşhur jurnalisti Canluka Di Marzioya müsahibə verən təcrübəli mütəxəssis "İnter"in iyunun 10-da İstanbulda keçiriləcək UEFA Çempionlar Liqasının finalında "Mançester Siti"yə sürpriz edə biləcəyini bildirib.
"İnzaqinin komandası "Mançester Siti"yə qalib gələ bilər. "İnter" Hakan Çalhanoğluya sahib, onu çox yaxşı tanıyıram.Hakan hər il matçdan matça daha yaxşı oynayır. Çox ağıllıdır və meydanda hər şeyi edə bilən möhtəşəm oyunçudur.
"İnter" çox maraqlı komandadır. "Mançester Siti" üçün asan olmayacaq. Finallarda nə olacağını heç vaxt bilməzsiniz".
Luçano Spalettinin "Napoli" ilə vidalaşmasına toxunan Terim, "Spaletti mənim möhtəşəm bir dostumdur. O, dincəlməli olduğunu söylədi və mən də ona məni gözləməsini söylədim" dedim.
Terim UEFA Avropa Konfransı Liqasının Finalında keçmiş komandası "Fiorentina"nın "Vest Hem"ə məğlubiyyətini bu sözlərlə dəyərləndirib: "Fiorentina üçün çox pis oldu, çünki onlar finala qədər əla iş görmüşdülər.Azarkeşləri və tarixi keçmişləri üçün kuboku qazanmağa layiq idilər. "