- Çempionlar liqası
- 22:50 27.11.2025
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçiriləcək “Atletik” (Bilbao, İspaniya) – “Qarabağ” qarşılaşması öncəsi Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis səfərdəki oyuna ciddi hazırlaşdıqlarını bildirib:
“Bu, komandamız üçün çox vacib oyundur. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq. ‘Atletik’ təcrübəli baş məşqçiyə malikdir və özünəməxsus oyun üslubu var. Həm müdafiədə, həm də hücumda aqressiv oyun nümayiş etdirirlər. Bizim Avrokuboklardakı təcrübəmiz ildən-ilə artır. Rəqib bu görüşdə qalib gəlmək istəyir. Sabahkı matçda futbolçular meydanda çox hərəkət etməli olacaqlar. Meydanda möhkəm olmağa və ‘Atletik’in tempinə davam gətirməyə çalışacağıq.”
Baş məşqçi həmçinin yarımmüdafiəçi Marko Yankoviçin komanda ilə məşqlərə qoşulduğunu qeyd edib:
“O, bəlkə formasından bir qədər uzaq qalıb, amma təcrübəsindən həmişə yararlanmaq istəyirik. Əsas heyətdə oynayıb-oynamayacağına hələ qərar verməmişik. Nəriman Nərimanov və Kamilo Duran isə çox yaxşı formadadır. Onlar həm oyunlarda, həm də məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər. Sabahadək əsas heyəti müəyyən edəcəyik.”
Qurbanov həmçinin “Qarabağ”ın Çempionlar Liqası matçlarına çoxsaylı türkiyəli azarkeşlərin gəldiyini vurğulayıb:
“İstər Bakıda, istər səfərdə azarkeşlərimiz bizi dəstəkləyir. Onların hər birinə təşəkkürümüzü bildiririk. Bu, məsuliyyətimizi bir qədər də artırır və matçlara daha həvəslə hazırlaşırıq.”
Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.