- Çempionlar liqası
- 22:50 27.11.2025
UEFA Çempionlar Liqasının IV turunda “Qarabağ” Bakıda İngiltərənin “Çelsi” klubunu qəbul edəcək.
90deqiqe.Az xəbər verir ki, matç öncəsi keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qarşıdakı görüş barədə fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis “Çelsi” kimi nəhəng kluba qarşı çıxmağın Azərbaycan futbolu üçün önəmli olduğunu vurğulayıb:
“Sabah böyük komandaya qarşı oynayacağıq. Belə rəqiblərlə qarşılaşmaq futbolumuzun inkişafı üçün çox vacibdir. Əsas məqsədimiz yaxşı oyun göstərmək və azarkeşlərimizi sevindirməkdir. “Çelsi”nin Bakıya səfəri Azərbaycan futbolu üçün mühüm hadisədir.”
Qurbanov “Çelsi”nin Bakıda məşqə çıxmamasını normal hal kimi qiymətləndirib:
“Bu, dünya futbolunda tez-tez rast gəlinən vəziyyətdir. Saat fərqi və səfər yorğunluğu da rol oynayır. Rəqibin zədəli futbolçularının olması bizim üçün üstünlük deyil, çünki belə komandaların hər zaman alternativ planı olur.”
Baş məşqçi İngiltərə klublarına qarşı oyunların futbolçulara böyük təcrübə qazandırdığını bildirib:
“Təəssüf ki, indiyədək İngiltərə komandalarına qalib gəlməmişik. Amma onlara qarşı mübarizə aparmaq özü böyük təcrübədir. Belə matçlar bizə həm zövq, həm də motivasiya verir.”
Qurban Qurbanov 2017-ci ildə “Çelsi” ilə ilk dueli də xatırladıb:
“O vaxtdan çox şey dəyişib. İngiltərə futbolu daha da inkişaf edib, biz də eyni yolla irəliləyirik. Klublararası dünya çempionatının qalibi ilə Bakıda oynamaq xüsusi hissdir.”
Mütəxəssis start heyətinin artıq böyük ölçüdə müəyyənləşdiyini, Musa Qurbanlının isə bu gün səhər məşqlərə başladığını qeyd edib.
Qurbanov həmkarı Enzo Mareskanın onu tərifləyən fikirlərinə də münasibət bildirib:
“Onun dediyi xoş sözlərə görə təşəkkür edirəm. Bu, “Çelsi”nin nə qədər böyük klub olduğunu bir daha göstərir.”
Türkiyəli jurnalistin “Qarabağ”ın az büdcə ilə Türkiyənin varlı klublarından daha yaxşı nəticə qazanması” barədə sualına isə Qurbanov belə cavab verib:
“Özümüzü Türkiyə klubları ilə müqayisə etmək istəmirəm. Hər birinə hörmətlə yanaşıram. Mənim üçün əsas məsələ düşdüyümüz vəziyyətdən çıxış yolu tapmaqdır.”
Təcrübəli çalışdırıcı biletlərin “qara bazar”da satılması ilə bağlı məsələyə də qısa münasibət bildirib:
“Bu barədə məlumatım yoxdur. Düşünürəm ki, aidiyyəti qurumlar məsələni diqqətdə saxlayır.”
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” qarşılaşması noyabrın 5-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 21:45-də start götürəcək.