- Çempionlar liqası
- 02:13 22.01.2026
UEFA Çempionlar Liqasının 7-ci turu çərçivəsində İtaliyanın “Atalanta” komandası ilə İspaniyanın Bilbao “Atletik”i klubu qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş intensiv keçib və son nəticədə qonaqlar 3:2 hesablı qələbə qazanıblar.
Matçın 16-cı dəqiqəsində Nikolo Zalevski sol cinahdan dəqiq ötürmə edib, Cianluka Skamakka hava mübarizəsində topu qapıya göndərərək hesabı açıb – 1:0. Daha sonra “Atalanta” bir neçə təhlükəli vəziyyət yaratsa da, qapıçı və dəqiq müdafiə bu epizodlarda komandasını xilas edib.
İkinci hissədə də ritm yüksək olub. 58-ci dəqiqədə “Atletik"in yarımmüdafiəçi Corqa Curuseta uzaqdan zərbə ilə fərqi bərabərləşdirib – 1:1. 70-ci dəqiqədə qonaqların sağ cinahdan qurduğu hücumda Niko Serrano hesabı öz xeyrinə dəyişib – 1:2. Sonrakı epizodda Oyan Sansetin ötürməsini Roberto Navarro dəyərləndirərək topu qapıya göndərib – 1:3.
Matçın sonunda meydan sahibləri cavab qolunu vurub: sağ cinahdan edilən ötürməni Ademola Lukman mərkəzə çatdırıb, Nikola Krstoviç isə bir neçə metrdən topu torlara göndərib – 2:3.
Bu nəticədən sonra “Atalanta” 13-cü pillədə qərarlaşıb, “Atletik” isə 23-cü sıraya yüksəlib.