- Çempionlar liqası
- 15:52 29.01.2026
Çərşənbə günü UEFA Çempionlar Liqasında Madrid “Real”ı səfərdə “Benfika”ya 2:4 hesabı ilə məğlub olub.
90deqiqe.Az xəbər verir ki, qarşılaşmadan sonra mətbuatda “Real”ın ulduz futbolçularının nizam-intizamı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bildirilib ki, madridlilər oyun ərzində “Benfika” futbolçularından ümumilikdə 10 kilometr az qaçıblar.
Madrid klubunun baş məşqçisi Alvaro Arbeloa mətbuat konfransında bu iddialarla razılaşmadığını bildirib:
“Biz Mbappe və Vinisiusun kifayət qədər qaçmamasına görə uduzduq? Mən bununla razı deyiləm”, – deyə o vurğulayıb və məğlubiyyətə görə bütün məsuliyyəti üzərinə götürdüyünü əlavə edib.
Bu nəticədən sonra “kral klubu”nun birbaşa 1/8 finala vəsiqə qazanması üçün cəmi bir xal çatmayıb. La Liqa nəhəngi turnirin pley-offun ilkin mərhələsində mübarizəni davam etdirməli olacaq.
Xatırladaq ki, 43 yaşlı mütəxəssis yanvarın 12-də “Real”ın baş məşqçisi təyin olunub. O, vəzifəsində istefaya göndərilən Xabi Alonsonu əvəzləyib.