- Çempionlar liqası
- 20:46 30.01.2026
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a rəqib olmalarını dəyərləndirib.
90deqiqe.Az-ın məlumata görə, təcrübəli mütəxəssis klubun rəsmi saytına açıqlamasında püşkün nəticəsi ilə bağlı fikirlərini bölüşüb. O, qarşıdakı mərhələnin həm komanda, həm də azarkeşlər üçün önəmli olduğunu bildirib:
“Püşkün komandamıza və azarkeşlərimizə xeyirli və uğurlu olmasını diləyirəm.”
Qurban Qurbanov qeyd edib ki, turnirdə mərhələlər irəlilədikcə rəqiblərin səviyyəsi də yüksəlir:
“Hər mərhələ keçdikdən sonra daha ciddi rəqiblərlə qarşılaşırıq. “Nyukasl” liqa mərhələsinin son turunda PSJ ilə 1:1 hesablı bərabərə qalıb. Ona görə də demək olar ki, hər iki komandanın gücü təxminən eynidir. Həmişə Premyer Liqa klubuna qarşı oynamaq əlavə güc tələb edir. Çox ciddi rəqibdir. Çalışacağıq ki, yaxşı oyun göstərək, yaxşı hazırlaşaq. Çünki İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır”.
Baş məşqçi pley-off mərhələsində komandalar arasında ciddi fərqin olmadığını da vurğulayıb:
“Hər komanda bir-birinə qalib gələ bilir. Hər görüşdə 3-4 qol da görmək mümkündür. “Nyukasl” ciddi rəqibdir. Çalışacağıq ki, matça yaxşı hazırlaşaq, rəqibi daha yaxından tanıyaq. “Nyukasl” bu mərhələdəki digər rəqiblərin heç birindən zəif deyil, özünəxas oyun üslubuna malik və çox sürətli oynayan komandadır”.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Nyukasl”a qarşı ilk oyununu fevralın 17-si və ya 18-də Bakıda keçirəcək.