- Çempionlar liqası
- 15:40 31.01.2026
“Real” klubu UEFA Çempionlar Liqasının ümumi mərhələsində maliyyə baxımından ciddi itkilərlə üzləşib.
90deqiqe.Az-ın "AS"a istinadən məlumata görə, İspaniya nəhəngi “Liverpul”, “Mançester Siti” və “Benfika”ya qarşı keçirdiyi oyunlarda aldığı məğlubiyyətlər səbəbindən 6,3 milyon avro gəlirdən məhrum olub. Bundan əlavə, son turda turnir cədvəlində üçüncü pillədən doqquzuncu yerə geriləyən “kral klubu” daha 1,9 milyon avro itirib.
“Real”ın birbaşa 1/8 finala yüksəlmək əvəzinə pley-off (stıq) mərhələsində iştirak etməsi də maliyyə itkisinə səbəb olub. Belə ki, Madrid təmsilçisi bu mərhələyə vəsiqəyə görə 1 milyon avro qazanıb, halbuki birbaşa 1/8 finala çıxacağı halda 2 milyon avro əldə edə bilərdi. Beləliklə, klubun ümumi mərhələdəki itkiləri 9,2 milyon avro təşkil edib.
Əgər “Real” Çempionlar Liqasının 1/8 finalına yüksəlmək uğrunda keçiriləcək pley-off oyunlarında mübarizəni dayandırarsa, klub daha 11 milyon avro itirə bilər. Bununla belə, ümumi mərhələnin yekunlarına əsasən “Real” 39 milyon avro gəlir əldə edib.
Qeyd edək ki, pley-off mərhələsində “Real Madrid”in rəqibi Portuqaliyanın “Benfika” klubu olacaq.