- Çempionlar liqası
- 17:41 17.02.2026
“Qarabağ”ın futbolçuları UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubuna qarşı keçiriləcək ilk oyuna ciddi hazırlaşırlar.
90deqiqe.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında danışıb.
Qurbanov bildirib ki, matç Azərbaycan futbolu üçün tarixdə xüsusi əhəmiyyət daşıyır:
“Bu oyunda böyük təcrübə əldə edə bilərik. Bu, Azərbaycan futbolu tarixində ilkdir. Rəqibimiz köklü klubdur. Dünyanın bir nömrəli çempionatında oynayırlar. Hazırlaşmaq üçün vaxtımız az oldu. Futbolçular sabahkı matça məsuliyyətli yanaşırlar, həyəcanlıdırlar. Özlərinin ən yaxşı oyunlarından birini göstərmək istəyəcəklər. Rəqibi təhlil etmişik. Doğma meydanda yaxşı mübarizə aparmağa, cəsarətli oynamağa çalışacağıq.”
Baş məşqçi əlavə edib ki, “Nyukasl”a qarşı ehtiyatlı və taktiki hazırlıqlı olmaq vacibdir:
“Rəqibin səviyyəsi, ustalığı da önəmlidir. Biz daha çox çalışmalı və rəqib qapısında qol epizodu yaratmaq üçün variantlar axtarmalıyıq. Reallıq da var. Rəqib də bunu düşünür. Onların bəzi futbolçularının keyfiyyəti bizim düşüncələrimizi geridə qoyur. Azarkeşlərin oyundan həzz almasını istəyirik.”
Qurbanov komandanın hazırlığını yüksək qiymətləndirib:
“Futbolçuların yanaşması məni qane edir. Pis hazırlaşmırlar. Gedişatda yorğunluq hiss oluna bilər. İnanıram ki, özlərində güc tapıb mübarizə apara biləcəklər. ‘Qarabağ’ klubu olaraq düzgün yoldayıq. Böyük komandalarla mübarizə aparmaq bizə motivasiya və inam verir. Düzdür, ‘Nyukasl’ favoritdir. Amma Bakıda qalib gəlmək istəyirik. Bunun üçün hazırlaşırıq. Rəqibdən çəkinməyəcəyik. Qarşımızda intizamlı kollektiv olacaq.”
Baş məşqçi həmçinin komandanın start heyətinin sabah səhər saatlarında bəlli olacağını əlavə edib.
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.