- Çempionlar liqası
- 23:36 23.02.2026
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la keçiriləcək cavab görüşü öncəsi mətbuat konfransı keçirib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis İngiltərədə baş tutacaq qarşılaşma barədə danışmağın çətin olduğunu vurğulayıb:
“Cavab qarşılaşması haqqında danışmaq çətindir. Təhlil apardıq. Səfərdə daha diqqətli, məsuliyyətli olmalıyıq. Hazırda oyunumuzu daha da yaxşılaşdırmaq istəyirik. Bəlkə də ‘Nyukasl’ ən yaxşı oyunlarından birini bizə qarşı keçirdi. Düşündükləri hər şey alındı. İkinci qoldan sonra sanki nokauta düşdük. İkinci hissədə daha sərbəst oldular. Rəqiblərin səviyyəsi daha da artır. 5-4-1 sistemi məni cəlb edən sistemlərdən biridir”.
Hazırlıq Bakıda keçib
Qurbanov hazırlıq prosesinin Bakıda təşkil olunmasının səbəbinə də aydınlıq gətirib:
“Oyundan sonra bərpa üçün vaxt lazım idi. Ona görə də Bakıda hazırlıq keçdik. Çünki 11-12 saat yolda olmaq yorucu olardı. Bir neçə dəfə belə proqramımız olub”.
“Neftçi”yə təşəkkür
Baş məşqçi Premyer Liqada “Neftçi” ilə oyunun təxirə salınmasına görə klub rəhbərliyinə minnətdarlığını bildirib:
“‘Neftçi’ rəhbərliyinə bir daha təşəkkür edirəm. Bu, sırf nəticəyə görə atdığımız addım deyildi. Sadəcə, oyun qrafiki sıx idi. Rəqibimiz bəlli idi və oyuna yaxşı hazırlaşmaq lazım idi. Başa düşmək lazımdır. Belə müraciətlər əvvəllər də olub. O qədər problemlər var ki... Bu, müzakirə ediləcək problem deyil. Sabah kimsə bizdən belə xahiş edə bilər. Həmişə digər klublarla münasibətimiz yaxşı olub”.
Bəhlulun durumu və transfer planları
Qurbanov zədəli müdafiəçi Bəhlul Mustafazadənin vəziyyətinə də toxunub:
“Bəhlulun psixoloji durumu normaldır. Böyük futbolda belə zədələr olur. İnanırıq ki, tezliklə sağalacaq və komandaya qoşulacaq”.
Transfer məsələsinə gəlincə isə baş məşqçi heyətin gücləndirilməsinin vacibliyini vurğulayıb:
“Hər mövqeyə oyunçu götürmək, keyfiyyəti daha da yaxşılaşdırmaq istəyirik. İndidən transferlər üçün baxışlar keçiririk. Öncə ölkə çempionatında liderlər sırasında olmalıyıq. Xeyli transferlər etməliyik. Hazırda ‘Nyukasl’la oyunu düşünürük. Baxmayaraq ki, İngiltərədə yaxşı nəticə göstərmək real görünmür. İngiltərə çempionatı digərlərindən fərqlənir və birbaşa üstündür. Orada futbolçuların keyfiyyəti, məbləğlər digər klublardan üstündür. Ağıllı oynamalıyıq. Bugünkü uğura uduza-uduza, yıxıla-yıxıla gəlmişik. Ona görə də cəsarətli olmalıyıq”.
Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” görüşü fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə keçiriləcək. Bakıda baş tutan ilk matçda İngiltərə təmsilçisi 6:1 hesablı qələbə qazanıb.