- Çempionlar liqası
- 14:56 11.03.2026
İngiltərənin “Tottenhem” klubunun qapıçısı Antonin Kinski Çempionlar Liqası çərçivəsində Madrid “Atletiko”suna qarşı keçirilən oyunda erkən əvəzlənməsi ilə diqqət çəkib.
90deqiqe.Az xəbər verir ki, görüşün əvvəlində İspaniya təmsilçisi oyuna çox fəal başlayıb və artıq 15-ci dəqiqəyə qədər hesabda 3:0 irəlidə olub. Qollardan ikisində “Tottenhem”in gənc qapıçısı səhvlərə yol verib. Nəticədə baş məşqçi onu matçın 17-ci dəqiqəsində əvəzləmək qərarına gəlib.
Mövsümdə cəmi üçüncü oyununa çıxan 22 yaşlı qolkiperin əvəzinə meydana Gilyelmo Vikariyo daxil olub və qarşılaşmanın sonuna qədər qapını qoruyub. Matç Madrid klubunun 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Komanda yoldaşı Pedro Porro isə baş verənlərlə bağlı qapıçıya dəstək ifadə edib:
“Onun üçün dəstək mesajı göndərmək istəyirəm. Hazırda onun üçün çətin zamandır. Bu oğlan çox çalışırdı. Qarşısında yaxşı çıxış edən Vikariyo var idi. Şans əldə edəndə bəzən belə hallar baş verir. Bu, futboldur. Bu vəziyyət mənə Şotlandiyada İspaniya millisində oynayarkən etdiyim səhvi xatırladır. Özünü toparlamaq lazımdır. Hələ onunla danışa bilməmişəm, amma indidən onu möhkəm qucaqladığımı demək istəyirəm”, – deyə Porro bildirib.
Qeyd edək ki, Antonin Kinski 14 ay əvvəl Praqa “Slaviya”sından 14,5 milyon avro qarşılığında “Tottenhem”ə transfer olunub.