- Çempionlar liqası
- 01:00 15.04.2026
UEFA “Barselona”nın Çempionlar Liqasının 1/4 final mərhələsində Madrid “Atletiko”suna qarşı keçirilən oyunda hakim qərarları ilə bağlı etdiyi şikayətə baxıb.
90deqiqe.Az UEFA-nın saytına istinadla xəbər verir ki, Kataloniya təmsilçisinin etirazı qəbuledilməz sayılıb.
Xatırladaq ki, görüşün 54-cü dəqiqəsində “Atletiko”nun müdafiəçisi Mark Pubil qapıçı Xuan Mussonun ötürməsindən sonra cərimə meydançasında əllə oynayıb. Qarşılaşmanın baş hakimi İştvan Kovaç isə bu epizodda qayda pozuntusu qeydə almayıb və cərimə zərbəsi təyin etməyib.
“Barselona” matçdan sonra rəsmi şəkildə etirazını təqdim edib. Lakin 13 aprel 2026-cı ildə qurumun nəzarət və intizam komitəsi bu müraciəti təmin etməyib.
Qeyd edək ki, “Barselona” daha əvvəl Madrid “Atletiko”suna qarşı stadiondakı ot örtüyünün hündürlüyü ilə bağlı da narazılıq etmişdi.