- Çempionlar liqası
- 20:28 06.07.2026
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS komandasına qarşı keçiriləcək oyun öncəsi komandasının matça tam hazır olduğunu bildirib.
90deqiqe.Az xəbər verir ki, litvalı mütəxəssis bunu qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi yeni mövsümə böyük ümidlərlə başladıqlarını vurğulayıb:
"Ümid edirəm ki, bu mövsüm də bizim üçün uğurlu alınacaq. Qarşımızda böyük məsuliyyət var və oyunu həyəcanla gözləyirik. İki həftə Avstriyada təlim-məşq toplanışı keçdik. Güclü rəqiblərlə qarşılaşdıq və düşünürəm ki, futbolçular istədiyimiz formaya çox yaxındırlar. Əlimizdən gələni edəcəyik. Nəticə barədə indidən danışmaq istəmirəm, hər şey meydanda həll olunacaq".
Dambrauskas azarkeşləri də komandaya dəstək olmağa çağırıb:
"Azarkeşlərimizi stadiona dəvət edirəm. Onlara ən yaxşı oyunumuzu göstərmək və Azərbaycanı Avropada layiqincə təmsil etmək istəyirik".
49 yaşlı mütəxəssis rəqibin gücünü də xüsusi qeyd edib:
"TNS təcrübəli komandadır. Futbolçularının əksəriyyəti uzun illərdir birlikdə çıxış edir. Hücum xəttində keyfiyyətli oyunçuları var. Ötən mövsüm ölkə çempionatında rəqiblərini 20 xal qabaqlayaraq çempion olublar. Buna görə də matça maksimum ciddi yanaşmalı və ilk növbədə öz oyunumuzu sərgiləməliyik".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sabah" – TNS oyunu iyulun 7-də saat 20:00-da "Bank Respublika Arena"da start götürəcək. Tərəflər arasında cavab görüşü isə iyulun 14-də Uelsdə keçiriləcək.