- Çempionlar liqası
- 18:32 20.07.2026
"Sabah"ın futbolçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" komandasına qarşı keçiriləcək ilk oyundan öncə iddialı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, almaniyalı hücumçu qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında rəqibi yaxşı təhlil etdiklərini və qələbəyə inandıqlarını bildirib.
"KuPS" güclü komandadır. Maraqlı qarşılaşma olacaq və oyunu böyük səbirsizliklə gözləyirik. Bir həftədir rəqibi təhlil edirik. Baş məşqçimiz bizi yaxşı hazırlayıb. Ən yaxşı oyunumuzu sərgiləməyə çalışacağıq. İnanıram ki, qalib gələcəyik", – deyə Mikels vurğulayıb.
29 yaşlı futbolçu hansı mövqedə çıxış etməsindən asılı olmayaraq komandaya maksimum fayda verməyə çalışdığını bildirib:
"Məşqçi məni hansı mövqedə oynatmağı məqsədəuyğun hesab edərsə, orada çıxış edəcəyəm. Amma hücumçu kimi oynamağa üstünlük verirəm. Düşünürəm ki, bu mövqedə komandama daha çox fayda verə bilirəm və qol vurmaq imkanlarım artır. Vinger kimi də oynamışam, lakin seçimim hücum xəttidir".
Mikels komandadakı sağlam rəqabətin inkişaf üçün vacib olduğunu da qeyd edib:
"Komandada bütün mövqelər üzrə rəqabət var və bunu hiss edirik. Hər məşqdə özünü sübut etməlisən. Hücumçu kimi əsas vəzifəm komandama kömək etmək və daha çox qol vurmaqdır. Bunun üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sabah" – "KuPS" oyunu iyulun 21-də "Bank Respublika Arena"da keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək.