26 iyul 2026. Bazar günü

Azərbaycan klublarının avrokubok oyunlarına hakim təyinatları açıqlandı


Azərbaycan klublarının avrokubok oyunlarına hakim təyinatları açıqlandı

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında çıxış edən Azərbaycan təmsilçilərinin cavab oyunlarına hakim təyinatları müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "KuPS" (Finlandiya) – "Sabah" qarşılaşmasını israilli referi Qal Leyboviç idarə edəcək. Ona Roy Hassan və Yossi Babayoff yan xətt hakimləri kimi kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Dekel Zino yerinə yetirəcək. VAR hakimi Daniel Bar Natan, AVAR isə Eitan Şmuelevits olacaq.

Qarşılaşma iyulun 28-də Finlandiyada Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Tərəflər arasında Bakıda keçirilən ilk oyunda "Sabah" 1:0 hesablı qələbə qazanıb.

UEFA Avropa Liqasının II təsnifat mərhələsində baş tutacaq ÇSKA (Sofiya) – "Qarabağ" matçının baş hakimi belçikalı Bram Van Driş olacaq. Mişel Seeldraeyers və İv De Neve yan xətt hakimləri, Kevin Van Damm isə dördüncü hakim təyin edilib. VAR-da Bert Put, AVAR-da isə Vesli De Kremer çalışacaq.

Sofiyadakı "Vasil Levski" stadionunda keçiriləcək görüş iyulun 30-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıda oynanılan ilk matç qolsuz heç-heçə ilə yekunlaşıb.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Dinamo" (Minsk) – "Neftçi" oyununu Şimali İrlandiyadan olan Tim Marşall idarə edəcək. Ona Georgios Arqiropulos və Rayan Kelsi kömək göstərəcəklər. Dördüncü hakim Şeyn Makqoniql olacaq.

Qarşılaşma iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində yerləşən "Beroe Siti" stadionunda Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. İlk oyunda Belarus təmsilçisi Bakıda "Neftçi"ni 4:2 hesabı ilə məğlub edib.

Konfrans Liqasının digər cavab görüşü – "Zirə" – "Payde" matçı isə xorvatiyalı referi Dario Belə tapşırılıb. Ona İvan Yaniç və Dino Knez kömək edəcək, Patrik Pavleşiç isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Komandalar arasında cavab qarşılaşması iyulun 31-də Bakıda keçiriləcək. Estoniyada baş tutan ilk görüşdə "Payde" minimal hesablı qələbə qazanıb – 1:0.







Çempionlar liqası

"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"