- Çempionlar liqası
- 20:25 27.07.2026
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Finlandiyanın KuPS komandası ilə üz-üzə gələcək "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, litvalı mütəxəssis Bakıda qazanılan minimal hesablı qələbənin (1:0) komandasına müəyyən üstünlük verdiyini desə də, cütün taleyinin hələ həll olunmadığını bildirib.
"Finlandiyada olduğumuza görə çox şadıq. İlk oyundan sonra hesab arasındakı fərq çox azdır və düşünürəm ki, hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı var. İlk matçdakı qələbə bizi cüzi favorit edir. Lakin Çempionlar Liqasında, ümumiyyətlə isə avrokuboklarda səfər oyunlarının hər zaman çətin keçdiyini yaxşı bilirik", – deyə Dambrauskas vurğulayıb.
Baş məşqçi rəqibin cavab görüşünə yüksək motivasiya ilə çıxacağını qeyd edərək, komandasının buna hazır olmasının vacibliyini bildirib.
"KuPS bütün gücünü meydanda qoyacaq. Biz də onların mübarizəsinə layiqli cavab verməli, öz futbolumuzu oynamalı və bacardığımız ən yaxşı performansı göstərməliyik. Komandamızın potensialını yaxşı tanıyırıq", – deyə o əlavə edib.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. KuPS – "Sabah" cavab oyunu iyulun 28-də Kuopio şəhər Mərkəzi Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.