- Çempionlar liqası
- 14:02 31.07.2026
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Orxus” (Danimarka) – “Sabah” oyununun hakim təyinatları bəlli olub.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına həvalə edilib. Oyunun baş hakimi Rade Obrenoviç olacaq. Ona yan xətt hakimləri Aleksandar Kasapoviç və Qreqa Kordej kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Martin Matoşa yerinə yetirəcək.
Video Köməkçi Hakim (VAR) sisteminə Matey Yuq rəhbərlik edəcək. Onun köməkçisi Alen Boroşak olacaq.
Qeyd edək ki, Rade Obrenoviç daha əvvəl Azərbaycan təmsilçilərinin də oyunlarını idarə edib. Sloveniyalı referi Konfrans Liqasında keçirilən “Aberdin” – “Qarabağ”, eləcə də UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutan “Qarabağ” – “Ayaks” qarşılaşmalarında baş hakim olub.
Xatırladaq ki, “Orxus” və “Sabah” arasında ilk görüş avqustun 5-də Danimarkanın Randers şəhərində keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması isə avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da oynanılacaq və saat 20:00-da başlayacaq.