- Çempionlar liqası
- 18:49 10.08.2026
“Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubuna qarşı keçirəcəyi cavab oyununda ilk matçdakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
90deqiqe.Az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Bakıda keçiriləcək qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Litvalı mütəxəssis doğma meydanda qələbə qazanmaq istədiklərini bildirib:
“Rəqib komandaya Bakıya xoş gəldin deyirəm. İnanıram ki, sabah maraqlı və həyəcanlı oyuna şahidlik edəcəyik. Biz ev sahibi komandayıq və azarkeşlərimizin dəstəyini hiss edəcəyimizə inanıram. İlk matçda bir qol fərqi ilə məğlub olmuşuq. Bunu aradan qaldırmaq çətin deyil. Görüşün sonunda nəticəyə görə fəxr edən tərəf olmaq istəyirik”.
Dambrauskas komandasının ilk görüşdə yaxşı futbol nümayiş etdirdiyini qeyd edib:
“Rəqibin heyətində çoxlu yaxşı futbolçular var. İlk oyunda yaxşı çıxış etdik. Bəlkə də futbolçularımız belə bu mərhələyə qədər yaxşı nəticə göstərəcəyimizə inanmırdılar. “Orhus”un stadionunda möhtəşəm atmosfer var idi. Məğlubiyyətdən narazı qalmışdıq. Danimarkada müəyyən səhvlərə yol verdik. İndi həmin səhvləri təhlil etmişik. Hansı tərəf xırda detalları daha yaxşı qiymətləndirsə, növbəti mərhələyə də həmin komanda yüksələcək”.
Baş məşqçi rəqibin az sayda qol epizodundan belə maksimum yararlana bildiyini vurğulayıb:
“Orhus” elə komandadır ki, qol imkanlarını çox yaratmasa da, yaranan fürsətləri reallaşdırmağı bacarır. Buna görə diqqətli olmalıyıq. Digər tərəfdən, komandamızın çoxlu sayda qol fürsəti yaratması məni sevindirir”.
Dambrauskas komandasının hazırkı vəziyyətindən də danışıb:
“Komandada ab-hava yaxşıdır. Futbolçularım oyuna hazırdırlar. Heç bir problemimiz yoxdur. İstəyirik ki, sabah tarix yazaq və Azərbaycan xalqını sevindirək”.
Mütəxəssis hava şəraitinin qarşılaşmanın nəticəsinə təsir etməyəcəyini düşünür:
“İqlim faktoru çox önəmli deyil. Məğlubiyyəti hava ilə əlaqələndirmək düzgün olmazdı. Mənim üçün ən arzuolunmaz vəziyyət həddindən artıq küləkli havadır. İnanıram ki, sabah hər şey qaydasında olacaq”.
Qeyd edək ki, “Sabah” – “Orhus” qarşılaşması avqustun 11-də saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. Danimarkada baş tutan ilk oyunda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.