- Çempionlar liqası
- 00:59 12.08.2026
Çempionlar Liqasının III təsnifat mərhələsinin daha iki cavab oyunu keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Niderlandın “NEK Neymegen” klubu doğma meydanda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə meydan sahibləri üstünlük əldə edərək 2:1 hesablı qələbə qazanıblar.
“NEK Neymegen”ə qələbəni gətirən qolu Emre Mor vurub. “Olimpiakos” 80-ci dəqiqədən etibarən azlıqda mübarizə aparıb. Kostas Fortunis qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Digər görüşdə “Fənərbağça” Avstriyanın “Şturm” klubunu qəbul edib. Türkiyə təmsilçisi bir həftə əvvəl olduğu kimi, bu dəfə də rəqibinə qalib gəlib. İstanbul klubu minimal hesablı qələbə qazanıb.
Qarşılaşmada yeganə qol 61-ci dəqiqədə vurulub. Anderson Taliska penaltini dəqiq yerinə yetirərək “Fənərbağça”ya qələbə qazandırıb.
Beləliklə, iki oyunun nəticəsinə əsasən “NEK Neymegen” və “Fənərbağça” Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off raunduna yüksəliblər.