13 avqust 2026. Cümə axşamı

“Sabah” azarkeş insidenti ilə bağlı bəyanat yayıb


“Sabah” azarkeş insidenti ilə bağlı bəyanat yayıb

“Sabah” Futbol Klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Orhus”a qarşı keçirilən cavab oyunundan əvvəl baş verən azarkeş insidenti ilə bağlı bəyanat yayıb.

90deqiqe.Az-ın məlumatına görə, Bakı təmsilçisi əvvəlcə tarixi qələbə münasibətilə azarkeşlərinə təşəkkür edib və komandanın əldə etdiyi nəticədən qürur duyduğunu bildirib.

Klub oyundan əvvəl tərəfdarlar arasında baş verən hadisədən təəssüf hissi keçirdiyini vurğulayıb. “Sabah” feyr-pley prinsiplərinə, qarşılıqlı hörmətə və sivil davranış qaydalarına xüsusi önəm verdiyini qeyd edib.

Bəyanatda bildirilib ki, insidentdən əvvəl qonaq azarkeşlər tərəfindən yerli tərəfdarlara qarşı şifahi aqressiya nümayiş etdirilib və Azərbaycan mədəni kontekstində təhqiramiz hesab olunan ifadələr səsləndirilib.

Bununla belə, klub fiziki aqressiya və zorakılığın heç bir halda qəbuledilməz olduğunu vurğulayıb:

“Hadisədən əvvəl hansı şəraitin və ya təxribatın olmasından asılı olmayaraq, biz heç bir halda fiziki aqressiyanı və zorakılığı dəstəkləmir və ona haqq qazandırmırıq. İstənilən mübahisə və anlaşılmazlıq sivil və qanuni yollarla həll edilməlidir”.

“Sabah” hadisənin obyektiv araşdırılması məqsədilə UEFA və digər aidiyyəti qurumlarla əməkdaşlığa hazır olduğunu da açıqlayıb. Klubun sərəncamında olan məlumat və materialların, o cümlədən müşahidə kameralarının görüntülərinin müvafiq qurumlara təqdim edildiyi bildirilib.

Bakı təmsilçisi bəyanatının sonunda yerli və xarici azarkeşləri qarşılıqlı hörmətə və futbol mədəniyyətinə riayət etməyə çağırıb.

“Futbol insanları milliyyətindən, dilindən və mədəniyyətindən asılı olmayaraq birləşdirən böyük oyundur və ayrı-ayrı insidentlər bu dəyərlərə kölgə salmamalıdır”, - deyə klub vurğulayıb.







Çempionlar liqası