26 avqust 2026. Çərşənbə

“Hapoel”in baş məşqçisi “Sabah”la oyundan danışdı


“Hapoel”in baş məşqçisi “Sabah”la oyundan danışdı

“Sabah”la qarşılaşma bizim üçün asan olmadı”.

90deqiqe.Az-ın məlumatına görə, bunu İsrailin “Hapoel” (Beer-Şeva) klubunun baş məşqçisi Ran Kojuk UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

İsrailli mütəxəssis “Sabah”a 2:5 hesabı ilə məğlub olduqları matçın komandası üçün çətin keçdiyini bildirib.

Kojuk Azərbaycan çempionunun bu mərhələyə qədər irəliləməsini də yüksək qiymətləndirib:

“Bu mərhələyə qədər gəlmək özü uğurdur. Yolumuz asan olmayıb. Heyətimizdə kifayət qədər təcrübəli futbolçular var və birlikdə daha yaxşı nəticələr əldə edə biləcəyimizə inanırıq”.

Baş məşqçi komandasının oyuna ciddi hazırlaşdığını və futbolçuların mübarizədən geri çəkilmədiyini vurğulayıb:

“Qarşılaşmaya ciddi hazırlaşmışdıq. Futbolda hər oyunun öz çətinliyi var və bu matçda da bunu gördük. Buna baxmayaraq, futbolçularımızın nümayiş etdirdiyi oyundan razıyam. İndi qarşıdakı görüşlərə daha yaxşı hazırlaşmalı və üzərimizdə işləməliyik”.

Ran Kojuk bundan sonra əsas diqqəti komandanın nəticələrinin yaxşılaşdırılmasına yönəldəcəklərini söyləyib:

“Daha yaxşı nəticələr qazanmaq üçün çalışmalıyıq. Qarşılaşmalarda yaranan vəziyyətlərə uyğun reaksiya verməyə və düzgün qərarlar qəbul etməyə davam edəcəyik”.

Qeyd edək ki, Buxarestdə keçirilən ilk görüşdə “Hapoel” “Sabah”ı 2:1 hesabı ilə məğlub etmişdi. Cavab matçında isə Azərbaycan təmsilçisi 5:2 hesablı qələbə qazanaraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə edib.







Çempionlar liqası