- Çempionlar liqası
- 02:31 26.08.2026
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmalarını böyük sevinc hissi ilə qarşılayıb.
90deqiqe.Az-ın məlumatına görə, litvalı mütəxəssis İsrailin “Hapoel” (Beer-Şeva) klubuna qarşı pley-off mərhələsinin cavab oyunundan (5:2) sonra keçirilən mətbuat konfransında komandasının və azarkeşlərin yaratdığı atmosferi yüksək qiymətləndirib.
Dambrauskas bildirib ki, “Sabah” onun məşqçilik karyerasında çalışdırdığı ən güclü kollektivdir:
“Bu gecə yaşananları sözlə ifadə etmək çətindir. Stadionda möhtəşəm atmosfer var idi. Azarkeşlərimizə təşəkkür edirəm. Futbolçularım çox ağır işin öhdəsindən gəldilər və onlarla fəxr edirəm. “Sabah” karyeramda çalışdırdığım ən yaxşı komandadır. Dünyanın ən nüfuzlu turnirinin əsas mərhələsinə yüksəlmişik. Hazırda özümü dünyanın ən xoşbəxt baş məşqçisi hesab edirəm”.
Baş məşqçi komandasının buraxdığı qolda rəqibin pressinqinin rolunu da qeyd edib:
““Hapoel” çox yaxşı pressinq edən komandadır. Buraxdığımız qolda da onların bu xüsusiyyəti özünü göstərdi. Təbii ki, oyunda səhvlərimiz oldu və onları təhlil edəcəyik”.
Dambrauskas Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək heyətlə bağlı məsələyə də aydınlıq gətirib. O, komandanın turnir üçün heyət planlamasını artıq başa çatdırdığını bildirib:
“Çempionlar Liqası üçün futbolçuları artıq müəyyənləşdirmişik. Hazırda yeni transfer barədə düşünmürük. Çünki yeni oyunçu cəlb etsək, mövcud heyətdən kimisə iştirak ərizəsindən çıxarmalı olacağıq. Bu isə asan qərar deyil”.
Litvalı çalışdırıcı tarixi qələbəni qeyd edəcəyini də gizlətməyib:
“Stadiona gələn azarkeşlər bu gecəni uzun müddət unutmayacaqlar. Mən də bu günü qeyd edəcəyəm. Həyatım boyu spirtli içki qəbul etməmişəm. Amma sizi əmin edirəm ki, bu gün bunu edəcəyəm”.
Qeyd edək ki, Buxarestdə keçirilən ilk görüşdə “Hapoel” 2:1 hesabı ilə qalib gəlmişdi. Cavab matçında isə “Sabah” rəqibini 5:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.