- Çempionlar liqası
- 01:52 27.08.2026
UEFA Çempionlar Liqasının yeni mövsümündə ümumi mərhələnin püşkatması bu gün – avqustun 27-də keçiriləcək.
90deqiqe.Az-ın məlumatına görə, turnirdə artıq üçüncü ildir ki, 36 Avropa klubu mübarizə aparacaq. Komandaların 29-u birbaşa vəsiqə əldə edib, 7 klub isə təsnifat mərhələsini uğurla keçərək ümumi mərhələyə yüksəlib.
Püşkatma nə vaxt və harada keçiriləcək?
Çempionlar Liqasının ümumi mərhələsinin püşkatması Monakoda baş tutacaq. Mərasim avqustun 27-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Püşkatma mərasimində baş verənləri canlı mətn yayımı vasitəsilə izləmək mümkün olacaq.
Yeni mövsümdə turnirin əsas mərhələsində 36 klub mübarizə aparacaq. Onlardan 29-u birbaşa vəsiqə əldə edib, 7 komanda isə təsnifat mərhələsindən keçib.
Təsnifat mərhələsini adlayan komandalar arasında ötən mövsüm Çempionlar Liqasında diqqətçəkən çıxış edən Norveçin “Bodö-Qlimt” klubu da var.
Bundan başqa, Azərbaycan futbolu tarixində ilk dəfə “Sabah” da Çempionlar Liqasının ümumi mərhələsində iştirak edəcək. 2017-ci ildə təsis olunan Bakı klubu bununla da tarixində yeni səhifə açacaq.
Püşkatma necə keçiriləcək?
UEFA hələ püşkatmanın formatında hər hansı ciddi dəyişikliklə bağlı rəsmi məlumat yaymayıb. Buna görə də klubların əvvəlki illərdə olduğu kimi dörd səbətə bölünəcəyi gözlənilir.
Komandalar UEFA reytinqinə əsasən səbətlərdə yerləşdiriləcək və hər klub ümumi mərhələdə müxtəlif səbətlərdən rəqiblərlə qarşılaşacaq.