5 sentyabr 2026. Şənbə

“Fənərbağça” Genduzi və Qrinvuda verilən cəzalara etiraz edəcək


“Fənərbağça” Genduzi və Qrinvuda verilən cəzalara etiraz edəcək

Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Lion”la keçirilən cavab matçında baş verən hadisələrə görə futbolçular Matteo Genduzi və Meyson Qrinvuda verilən cəzalarla bağlı UEFA-ya etiraz edəcək.

90deqiqe.Az xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı rəsmi açıqlama yayıb.

Klubun məlumatında bildirilib ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Lion”la oyunda baş verən hadisələrlə bağlı aparılan intizam araşdırmasının nəticələrini “Fənərbağça”ya çatdırıb.

Qeyd olunub ki, UEFA İntizam Reqlamentinin 11-ci maddəsinin 2(b) bəndi üzrə əsas idman etikası və davranış qaydalarının pozulması, 15-ci maddəsinin 1(a)(iv) bəndi üzrə futbolçulara və ya matçda iştirak edən digər şəxslərə qarşı təhqiramiz ifadələr işlədilməsi, eləcə də 15-ci maddənin 1(a)(vi) bəndi üzrə azarkeşlərin təxribata çəkilməsi səbəbilə intizam komitəsinə göndərilən Matteo Genduzinin cəzası müəyyənləşib.

Fransalı yarımmüdafiəçiyə 4 oyunluq cəza verilib. Cəzanın 2 oyunu qüvvədə olacaq, digər 2 matçlıq hissəsinin icrası isə 1 il müddətinə təxirə salınıb.

Meyson Qrinvud isə UEFA İntizam Reqlamentinin 11-ci maddəsinin 2(b) bəndində nəzərdə tutulan əsas idman etikası və davranış qaydalarını pozduğu üçün 1 oyunluq diskvalifikasiya ilə cəzalandırılıb. Onun cəzasının icrası da 1 il müddətinə təxirə salınıb.

“Fənərbağça” qərarla razılaşmadığını bildirib və cəzalara etiraz etmək niyyətində olduğunu açıqlayıb.

“Klubumuz UEFA tərəfindən qəbul edilən qərarları və onların əsaslandırılmasını hüquq bölmələrimiz vasitəsilə qiymətləndirir. Verilən cəzalara qarşı UEFA Apellyasiya Komitəsinə müvafiq müraciət və etiraz prosedurlarını həyata keçirəcəyik”, - deyə klubun açıqlamasında bildirilib.







Çempionlar liqası