9 sentyabr 2026. Çərşənbə

“Matç 4:4 hesabı ilə də başa çata bilərdi”


“Matç 4:4 hesabı ilə də başa çata bilərdi”

“Real Madrid”in qapıçısı Tibo Kurtua UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “İnter” üzərində 2:1 hesablı qələbəni şərh edib.

90deqiqe.Az xəbər verir ki, belçikalı qapıçı qarşılaşma ilə bağlı fikirlərini “Marca”ya açıqlayıb.

“Biz əla rəqibə qarşı oynadıq. “İnter” Avropanın ən yaxşı komandalarından biridir. Matç 4:4 hesabı ilə də başa çata bilərdi. Rəqibin səhvlərindən yararlandıq, onlar isə yalnız oyunun sonlarına yaxın qol vura bildilər. Matçın taleyini daha erkən həll edə bilərdik”, – deyə Kurtua bildirib.

Müdafiədəki problemlərdən danışan qapıçı yarımmüdafiəçilərin hücum zamanı çətinlik çəkdiyini qeyd edib:

“Düşünürəm ki, hücum üçün aydın imkan olmadığını gördükdə daha çox yarımmüdafiəçilər əziyyət çəkirdilər. Belə epizodlarda geri oynayıb topa nəzarəti bərpa etmək lazım idi. Matç həddindən artıq xaotik alındı və üzərində işləməli olduğumuz məqam da budur”.

Kurtua komandanın qol imkanlarından yetərincə yararlana bilməməsinə də toxunub:

““Betis”lə oyunda qalib gəlməli idik, amma imkanlardan istifadə edə bilmədik. Bu gün də oxşar vəziyyət yaşandı. Rəqibin səhvlərindən yararlandıq, lakin cərimə zərbələrindən sonra əlavə qol çatışmadı. “Betis”lə oyunda da eyni hal olmuşdu”.

Qapıçı Hakan Çalhanoğlunun cərimə zərbəsindən sonra etdiyi seyvi də xatırlayıb:

“Təəssüf ki, “Barselona” ilə oyunda Reşford mənə yaxın küncdən qol vurdu. Zərbəsi əla idi, amma mən bir qədər yerimi dəyişmişdim. Dünya çempionatında Lamin cərimə zərbəsi yerinə yetirmişdi və həmin vaxt mən öz dirəyimin yanında qalmışdım. Bu gün də eyni hadisə baş verdi. Futbolçu topu səddin üzərindən keçirərək qol vurursa, yalnız alqışlamaq qalır. Amma bundan sonra öz dirəyimdən daha tərpənməyəcəyəm”.

Qeyd edək ki, daha əvvəl “Real Madrid”in baş məşqçisi Joze Mourinyo da “İnter”lə qarşılaşma barədə fikirlərini bölüşüb.







Çempionlar liqası

“Holand əjdahadır”
  • Çempionlar liqası
  • 01:47 09.09.2026
“Holand əjdahadır”