- Çempionlar liqası
- 22:13 09.09.2026
“Komo”nun baş məşqçisi Sesk Fabreqas komandanın tarixində ilk dəfə Çempionlar Liqasında keçirəcəyi oyun öncəsi fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, “Football Italia” çalışdırıcının dediklərini belə çatdırıb.
“Sabahkı oyun digər matçlardan heç nə ilə fərqlənməməlidir. Hər görüşdə olduğu kimi, qələbə qazanmağa çalışmalıyıq. Şəhərin və klubun yaşadığı emosiyaları başa düşürəm. Lakin biz işimizi düzgün görməli və bunun sadəcə futbol matçı olduğunu unutmamalıyıq”
İspaniyalı mütəxəssis “Leypsiq”in gücündən də danışıb:
“Leypsiq" əla komandadır. Biz bu oyuna inkişafımızı davam etdirmək üçün bir fürsət kimi yanaşmalıyıq. Zirvədə olmaq istəyirik. Görək hər şey necə olacaq, amma öz gücümüzə inanırıq”.
Fabreqas start heyətinin seçimi ilə bağlı da açıqlama verib:
“Mən qarşıma qoyduğum məqsədə, yəni qələbəyə çatmağımda kömək edəcək futbolçuları meydana buraxacağam. Artıq iki il yarımdır ki, məni tanıyırsınız və bilirsiniz ki, təcrübə mənim üçün xüsusi əhəmiyyət daşımır.
Dünən baş verənlərə baxın: Çempionlar Liqasında yüzlərlə oyun keçirən futbolçuları gördük və onlar səhvlərə yol verdilər. Buna görə də ən doğru seçim bizə qələbə qazandıracaq futbolçuların meydana çıxmasıdır.
Başa düşürəm ki, burada əsas mövzu “Komo”nun tarixində ilk Çempionlar Liqası matçının keçirilməsidir. Amma futbolçular üçün bu oyun digər qarşılaşmalar kimi olmalıdır”.
Qeyd edək ki,İtaliya təmsilçisi turnirin əsas mərhələsinin ilk turunda Almaniyanın “Leypsiq” klubu ilə qarşılaşacaq.
“Komo” – “Leypsiq” qarşılaşması sentyabrın 10-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.