- Çempionlar liqası
- 22:52 13.10.2026
“Aston Villa”nın baş məşqçisi Unay Emeri Çempionlar Liqasında “Fənərbağça” ilə keçiriləcək oyun öncəsi komandanın futbolçularının vəziyyəti barədə məlumat verib.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis Matteo Ruceri və Yan Matsenin zədələri ilə bağlı açıqlama verib.
“Rucerinin nə qədər müddətə sıradan çıxacağını dəqiq bilmirəm, amma o, bir neçə həftə, hətta bir aydan çox müddətə komandadan kənarda qalacaq. Matsenin də hələ oynamaq imkanı yoxdur. Buna görə alternativ həll yolları tapmalıyıq. Düşünürəm ki, o, bir-iki həftəyə komandaya qoşula biləcək”, – deyə Emeri bildirib.
Baş məşqçi Leon Qoretskanın isə “Fənərbağça” ilə oyunun iştirak ərizəsinə daxil ediləcəyini açıqlayıb. Avqustda azad agent kimi İngiltərə klubuna keçən almaniyalı yarımmüdafiəçi məşqlərin başlanmasından qısa müddət sonra dizindən aldığı zədə səbəbindən hələ debüt etməyib.
Qeyd edək ki, “Aston Villa” Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Brügge”ni 3:2 hesabı ilə məğlub edib. “Fənərbağça” ilə oyundan sonra İngiltərə təmsilçisi gələn həftə Norveçin “Vikinq” komandası ilə qarşılaşacaq.