- Çempionlar liqası
- 23:21 13.10.2026
PSJ-nin baş məşqçisi Luis Enrike “Mançester Siti” klubunun maliyyə qaydalarının pozulması ilə bağlı işi barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis bu barədə UEFA Çempionlar Liqasında İngiltərə təmsilçisi ilə keçiriləcək oyundan əvvəl açıqlama verib.
“Məncə, böyük klubların ətrafında həmişə çox səs-küy olur. Qərar vermək səlahiyyəti olan şəxslərin yekun qərarını gözləmək lazımdır. Ümid edirəm ki, “Mançester Siti” üçün hər şey yaxşı nəticələnəcək, çünki komandanın meydanda əldə etdiyi nailiyyətlər inanılmazdır. Onların bütün titulları qazandığı oyuna görə haqq etdiklərini düşünürəm. İndi sadəcə qərarı gözləmək qalır”, – deyə Enrike bildirib.
PSJ-nin baş məşqçisi “Mançester Siti”nin nümayiş etdirdiyi futbola da yüksək qiymət verib. O, komandanın hücumameyilli oyununu və müdafiədə etibarlı çıxışını xüsusi vurğulayıb.
“Qvardiolanın rəhbərliyi altında “Mançester Siti”nin oyunlarını izləmək xoşuma gəlirdi. Onların nümayiş etdirdiyi futbol cəlbedicidir, komanda çox hücum edir və müdafiədə etibarlı oynayır. Hazırda əla formadadırlar və ardıcıl qələbələr qazanırlar. Bu, bizim üçün ciddi sınaq olacaq”, – deyə mütəxəssis qeyd edib.
Qeyd edək ki, müstəqil komissiya “Mançester Siti”ni maliyyə qaydalarının çoxsaylı pozuntularında təqsirli bilib. Klub isə qərarla razılaşmayaraq apellyasiya şikayəti verib.
PSJ ilə “Mançester Siti” arasında UEFA Çempionlar Liqasının oyunu oktyabrın 14-də keçiriləcək.