- Çempionlar liqası
- 23:44 19.10.2026
“Roma”nın baş məşqçisi Can Pyero Qasperini UEFA Çempionlar Liqasının əsas mərhələsində Bratislava “Slovan”ı ilə keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, oktyabrın 20-də baş tutacaq qarşılaşma öncəsi mətbuat konfransında danışan italiyalı mütəxəssis rəqibin fiziki hazırlığını və heyətindəki keyfiyyətli futbolçuları xüsusi qeyd edib.
“Slovan” dinamik komandadır, fiziki cəhətdən yaxşı hazırlaşıb və heyətində bir neçə yüksək səviyyəli futbolçu var. Ola bilsin ki, səviyyəsinə görə Çempionlar Liqasının bəzi digər iştirakçılarından geri qalır. Ancaq bu turnirdə hər oyun çətin keçir. Qələbəyə ehtiyacımız olduğu üçün rəqibimizi kiçik görməyəcəyik”, – deyə Qasperini bildirib.
Baş məşqçi komandanın turnirdəki hədəflərindən də danışıb. Onun sözlərinə görə, növbəti mərhələyə yüksəlmək üçün son illərdə təxminən 10-11 xal toplamaq kifayət edib.
“Son bir neçə ildə hədəf təxminən 10-11 xal olub. Ev oyunlarında qalib gəlməliyik, çünki səfərdə oynamaq həmişə çətindir. Məqsədimiz budur”, – deyə mütəxəssis vurğulayıb.
Qeyd edək ki, “Roma” Çempionlar Liqasının ilk iki turunda cəmi bir xal toplayıb. İtaliya təmsilçisi “Fənərbağça” ilə 1:1 hesablı heç-heçə edib, daha sonra isə “Real”a 3:4 hesabı ilə uduzub. Madrid klubu ilə qarşılaşmada “Roma” iki top fərqilə öndə olsa da, matçın sonlarında üstünlüyünü əldən verib.