- Çempionlar liqası
- 23:36 06.11.2026
Bakı Olimpiya Stadionunun (BOS) su təchizatı sistemindən götürülən nümunələrin müxtəlif laboratoriyalarda aparılmış analizlərinin nəticələri açıqlanıb.
90deqiqe.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində oktyabrın 20-də keçirilən “Sabah” – “Borussiya Dortmund” (Almaniya) oyunundan sonra qonaq komandanın nümayəndələrindən biri stadionun paltardəyişmə otaqlarındakı duş kabinlərindən istifadə etmədiklərini və su təchizatı sistemində “Legionella” bakteriyasının ola biləcəyini iddia edib.
Bakı Olimpiya Stadionu əvvəlki açıqlamasında bu iddiaların heç bir laboratoriya nəticəsinə əsaslanmadığını bildirərək su təchizatı sisteminin müvafiq keyfiyyət standartlarına cavab verdiyini və arenanın qüvvədə olan sertifikata malik olduğunu vurğulamışdı. Həmçinin cari mövsümdə stadionda məşq və oyunlar keçirmiş “Sabah” və Çexiyanın “Slaviya Praqa” klublarından bu məsələ ilə bağlı hər hansı irad daxil olmadığı qeyd edilmişdi.
BOS ictimaiyyətdə yaranmış suallara aydınlıq gətirmək məqsədilə su təchizatı sistemindən yenidən nümunələr götürərək onların müxtəlif laboratoriyalarda analizini təşkil edib. Nəticələr stadion rəhbərliyinin əvvəlki mövqeyini bir daha təsdiqləyib.
Açıqlamada bildirilib ki, “MediClub” Tibb Klinikası və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Mərkəzi Laboratoriyası tərəfindən aparılan analizlər stadionun su təchizatı sistemində hər hansı problemin olmadığını göstərib.
BOS-un bəyanatında “Borussiya Dortmund” nümayəndəsinin səsləndirdiyi iddiaların əsassız olduğu vurğulanıb. Stadion rəhbərliyi qarşıdakı oyun üçün Bakıya gələcək “Barselona” komandasının da bu məsələ ilə bağlı narahatlıq keçirməsinə ehtiyac olmadığını bildirib.