- Çempionlar liqası
- 18:41 24.11.2026
“Barselona” hər kəsə yaxşı tanış olan komandadır. Onların hansı zonada zəif olduğunu demək çətindir.
90deqiqe.Az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda Bakıda “Barselona”ya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Litvalı mütəxəssis rəqibin heyətində çoxsaylı ulduz futbolçuların olduğunu vurğulayıb. O, Lamin Yamalın Bakıya gəlməməsinin azarkeşlər üçün üzücü olduğunu bildirib:
“Lamin Yamalın gəlməməsi yerli azarkeşlərimiz üçün pis xəbər oldu. O, dünya futbolunda sayılıb-seçilən şəxsdir. Düşünürəm ki, onun yoxluğu ‘Barselona’ üçün nəyisə dəyişməyəcək. Komandada olan futbolçular ayrı-ayrılıqda ulduzlardır. Mənə görə, bizim futbolçular uşaq olarkən ‘Real Madrid’ və ‘Barselona’ya qarşı oynamağı xəyal ediblər.
Biz sabah meydana çıxıb, oyundan zövq almalıyıq. ‘Barselona’nı dünyada tanımayan yoxdur. Baş məşqçi olaraq rəqibin zəif nöqtələrini tapmaq mənim üçün çətindir. Lakin layiqli mübarizə aparmağa çalışacağıq”.
Dambrauskas qeyd edib ki, belə səviyyəli rəqiblə qarşılaşmaq komanda üçün maraqlı təcrübə olacaq:
“Bu cür dünya ulduzunun Bakıya gəlməməsi azarkeşlər üçün üzücüdür. Lakin rəqibin heyətində yetərincə tanınmış futbolçular var. Bu cür komandaya qarşı çıxış etmək bizim üçün maraqlı olacaq.
Əlimizdən gələnin ən yaxşısını etsək belə, ‘Barselona’ kimi dünyanın ən güclü komandalarının səviyyəsinə çatmağımız mümkün deyil. Biz hələ böyüməliyik. Bu, mənim karyeramın ən önəmli matçı olmayacaq. Çünki bütün görüşlər mənim üçün vacibdir. ‘Barselona’ya qol vurmaq çox yaxşı motivasiya olar”.
Baş məşqçi qarşılaşmanın karyerasının ən vacib oyunlarından biri olduğunu, lakin birincisi olmadığını da söyləyib:
“Bu görüş karyeramın ən önəmli oyunları sırasındadır, amma ən birinci deyil. Çünki indiyədək yaxşı oyunlarımız olub. Mümkün qədər ən yaxşı oyunumuzu sərgiləməyə çalışacağıq. Elə komanda yoxdur ki, qol buraxmasın. ‘Borussiya’ya qol vurmuşduq. ‘Barselona’ ilə qarşılaşmada da fərqlənmək bizim üçün xüsusi olar”.
Qeyd edək ki, “Sabah” – “Barselona” matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.