24 noyabr 2026. Çərşənbə axşamı

“Sabah” La Liqada çıxış etsəydi, ən yaxşı komandalardan biri olardı”


“Sabah” La Liqada çıxış etsəydi, ən yaxşı komandalardan biri olardı”

“Sabah” üçün “Barselona” və “Mançester Yunayted” kimi komandalarla qarşılaşmaq xüsusi hadisədir.

90deqiqe.Az-ın məlumatına görə, bu sözləri “Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”la keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis Azərbaycan təmsilçisinin oyun üslubunu bəyəndiyini, komandanın topla yaxşı oynadığını və öz futbol fəlsəfəsinə malik olduğunu bildirib.

“‘Sabah’ baxımlı futbol oynamağı sevir. Onların öz oyun çərçivəsi var. Bura Çempionlar Liqasıdır və biz bütün rəqiblərimizə hörmətlə yanaşırıq.

‘Sabah’ La Liqada çıxış etsəydi, ən yaxşı komandalardan biri olardı. Məşqçilər heyəti ilə birlikdə bu komandanı təhlil etmişik. Düşünürəm ki, rəqib topla yaxşı oyun nümayiş etdirir. İspaniyada futbol fəlsəfəsi çox yaxşıdır. Hər komanda necə futbol oynamalı olduğunu bilir. ‘Sabah’ da belə komandalardandır”, – Flik qeyd edib.

Baş məşqçi Lamin Yamalın Bakıya gətirilməməsinə də münasibət bildirib. O, futbolçunun vəziyyətinin qiymətləndirildiyini və İspaniyada qalmasının məqsədəuyğun hesab edildiyini söyləyib.

“Biz Lamin Yamal olmadan da bir neçə oyun keçirmişik və bu vəziyyətdə nə etməli olduğumuzu bilirik. O, bizim üçün çox vacib futbolçudur. Dünən səhər vəziyyətini yoxladıq və evdə qalmasının daha yaxşı olduğuna qərar verdik. Ümid edirik ki, hər şey yaxşı olacaq və o, həftəsonu keçiriləcək oyun üçün hazır olacaq”, – deyə mütəxəssis vurğulayıb.

Flik “Sabah”ın futbolçularının qarşılaşmaya yüksək motivasiya ilə çıxacağını düşündüyünü, lakin “Barselona”nın da eyni əzmkarlıqla mübarizə aparmalı olduğunu bildirib. Kataloniya təmsilçisi Bakıdakı oyunda üç xal qazanmağı hədəfləyir.

Qeyd edək ki, “Sabah” – “Barselona” matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.

PDF'ye dönüştür







Çempionlar liqası