26 noyabr 2026. Cümə axşamı

“Sabah”ın itirəcəyi heç nə yox idi, yalnız sürpriz edə bilərdilər”


“Sabah”ın itirəcəyi heç nə yox idi, yalnız sürpriz edə bilərdilər”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”a qarşı keçirdikləri oyundan sonra rəqib komandanın çıxışını yüksək qiymətləndirib.

90deqiqe.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis bunu qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında deyib.

Flik matçın maraqlı keçdiyini və komandasının qazandığı qələbədən razı qaldığını bildirib:

“Belə oyunlarda qalib gəlmək heç də asan deyil. Xüsusilə ona görə ki, ‘Sabah’ın itirəcəyi heç nə yox idi. Onlar yalnız sürpriz edə bilərdilər. Düşünürəm ki, matç ərzində topa sahibolma göstəricimiz 70 faizdən çox idi”.

Baş məşqçi komandasının oyun zamanı yol verdiyi səhvlərdən narazılığını da gizlətməyib. Onun sözlərinə görə, xüsusilə ikinci hissədə buraxılan qol futbolçuların diqqətsizliyinin nəticəsi olub.

“İkinci hissənin əvvəlində yüksək intensivlik nümayiş etdirdik və qısa müddətdə üç qol vurduq. Bu, müsbət məqam idi. Lakin narazı qaldığım yeganə məsələ yol verdiyimiz səhvlərdir. Bunlar sadə səhvlər idi və belə halların qarşısını almalıyıq. Bu, oynamaq istədiyimiz futbol deyil. Həmin çatışmazlıqları aradan qaldırmalıyıq”, – deyə o vurğulayıb.

Almaniyalı çalışdırıcı “Sabah”ın oyun fəlsəfəsini və cəsarətli futbolunu da xüsusi qeyd edib:

“Xüsusilə ‘Sabah’ haqqında danışmaq istərdim. Onlar dünyanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında çıxış edirlər və yaxşı iş ortaya qoyurlar. Baş məşqçinin topla oyuna dair aydın fəlsəfəsi var. Komanda yaxşı və cəsarətli futbol nümayiş etdirir. Bəzi məqamlarda bizə çətin anlar yaşatdılar.

Burada üç xal qazanmağımıza görə çox şadam. ‘Sabah’a və klubda çalışan hər kəsə uğurlar arzulayıram. Düşünürəm ki, daim inkişaf etmək çox vacibdir. Burada gördüklərimdən belə qənaətə gəlirəm ki, onlar bu istiqamətdə çox yaxşı iş görüblər”.

Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması İspaniya klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.







Çempionlar liqası

Qordon “Sabah”ın müqavimətindən danışdı
  • Çempionlar liqası
  • 00:28 26.11.2026
Qordon “Sabah”ın müqavimətindən danışdı