- Çempionlar liqası
- 01:55 26.11.2026
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində “Barselona”ya qarşı keçirdikləri qarşılaşmada futbolçularının üzləşdiyi çətinliklərdən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, litvalı mütəxəssis bu barədə matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verib.
O, komandasının görüşə yaxşı başladığını və ilk hissədə rəqibin hücumları üçün boş zonalar yaratmamağa çalışdığını bildirib.
“Matçdan əvvəl də qeyd etmişdim ki, əlimizdən gələnin ən yaxşısını etməli və meydanda maksimum gücümüzü ortaya qoymalıyıq. Qarşılaşmaya kifayət qədər yaxşı başladıq. İlk hissədə rəqibə boş zonalar verməməyə çalışırdıq.
Mən meydanın kənarında, oyuna ən yaxın məsafədə dayanan şəxsəm. Rəqibin topu necə ötürdüyünü, futbolçuların necə hərəkət etdiyini və topun hansı sürətlə irəlilədiyini görürdüm. Futbolçularımın meydanda hansı çətinliklərlə üzləşdiyini, boşluqları bağlamaq və rəqib oyunçuları qarşılamaq üçün nə qədər güc sərf etdiklərini təsəvvür edə bilirdim”, – deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.