- Çempionlar liqası
- 02:23 26.11.2026
UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda İtaliyanın “İnter” klubu Almaniyanın “Ştutqart” komandasını məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, “San-Siro” stadionunda keçirilən qarşılaşma Milan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın ilk hissəsində hesab açılmayıb. Komandalar fəal oyun nümayiş etdirsələr də, rəqib müdafiəsini yarmaq mümkün olmayıb.
İkinci hissədə üstünlüyü ələ alan “İnter” 57-ci dəqiqədə hesabı açıb. Petar Suçiç penaltini dəqiq yerinə yetirərək meydan sahiblərini önə keçirib.
Buraxılan qoldan sonra hesabı bərabərləşdirməyə çalışan “Ştutqart”ın cəhdləri nəticə verməyib. 74-cü dəqiqədə isə Lautaro Martines fərqi artırıb. Federiko Dimarkonun ötürməsindən sonra topu qəbul edən argentinalı hücumçu dəqiq zərbə ilə matçın yekun hesabını müəyyənləşdirib.
Beləliklə, “İnter” doğma meydanda üç xal qazanıb.