- Dünya çempionatı
- 22:07 12.11.2024
2022-ci il dünya çempionatının seçmə mərhələ matçında Azərbaycan millisinin qonağı olacaq Lüksemburq yığmasının 2 futbolçusu peyvənd olunmayıb.
Corner.az-ın məlumatına görə, bu barədə rəqib komandanın baş məşqçisi Lük Holts yerli mətbuata açıqlamasında deyib.
52 yaşlı mütəxəssis, daha bir oyunçunun yalnız ilk dozanı qəbul etdiyini bildirib: "Mən həkim deyiləm, amma peyvəndin cəmiyyətin xeyrinə olduğunu bilmək üçün bunu bir az başa düşmək kifayətdir. Əvvəlcə mənim də narahatlıqlarım var idi, amma bir çox ölkədə və xəstəxanada baş verənləri gördükdən sonra başqa seçimimin olmadığını anladım".
Holts artıq sözügedən futbolçularla söhbət etdiyini də vurğulayıb: "Koronavirus xəstəliyinin uzunmüddətli fəsadları onların karyeralarına təsir edə bilər. Niyə futbol həyatlarını təhlükə altında qoyduqlarını başa düşmürəm. Bunu oyunçulara izah etməyə çalışdım. Təəssüf ki, bəzi insanların beynində qavrama probleminin olduğunu görürsünüz. Bu halda danışmağa davam etməyin mənası yoxdur".
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlayacaq.