Polşa yığmasının baş məşqçisi Paulo Souza postundan ayrılmaq istəyir. Corner.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının prezidenti Çezari Kuleşa məlumat verib.
O, yerli mətbuata açıqlamasında 51 yaşlı mütəxəssisin Polşa Futbol İttifaqı ilə olan müqaviləsinin ləğvini istədiyini bildirib. Lakin Kuleşa, Souzanın istefasının qəbul etmədiklərini söyləyib:
“Paulo Souza məndən bir klubdan aldığı təkliflə əlaqədar müqaviləsinə xitam verilməsini xahiş etdi. Amma bunun, çox məsuliyyətsiz davranış olduğunu düşünürəm. Üstəlik, baş məşqçinin əvvəlki açıqlamaları ilə üst-üstə düşmür. Ona görə də mən istefadan qəti şəkildə imtina etdim”.
Xatırladaq ki, Paulo Souza 2021-ci ilin yanvar ayında Polşa yığmasına baş məşqçi təyin olunub. Onun Braziliyanın "Flamenqo" klubu ilə anlaşdığı iddia olunur.