Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir. Corner.az xəbər verir ki, 10-cu oyun günündə daha iki qrupda mübarizəyə yekun vurulub.
B qrupunda Seneqal yığması Malavi ilə qarşılaşıb. Görüşdə qapılara ümumiyyətlə qol vurulmayıb. Lakin bu qolsuz heç-heçə seneqallıların qrup birincisi olmasına problem yaratmayıb. Qvineya yığması isə Zimbabve ilə görüşdə məğlubiyyətlə üzləşib. “Neftçi”nin qvineyalı yarımmüdafiəçisi Mamadu Kane də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. 90+3-cü dəqiqədə sarı vərəqə ilə cəzalanan yarımmüdafiəçi, komanda yoldaşı Nəbi Keytanın vurduğu yeganə qolun məhsuldar ötürməsini verib. Qvineya yığması bu görüşdən məğlub ayrılsa da, qrup ikincisi kimi mərhələ adlayıb.
C qrupunda dörd qolun vurulduğu Qabon – Mərakeş matçı heç-heçə bitib. Qana yığması isə Komor adalarına məğlub olaraq, qrup sonuncusu olub və turnirlə vidalaşıb. Mərakeş və Qabon yığmaları növbəti mərhələyə yüksəlib.
Afrika Millətlər Kuboku
18 yanvar
B qrupu
Malavi – Seneqal 0:0
Zimbabve – Qvineya 2:1
Qol: Musona, 26. Mahaçi, 43 – Keyta, 49.
Xal durumu: Seneqal – 5, Qvineya – 4, Malavi – 4, Zimbabve – 3.
C qrupu
Qabon – Mərakeş 2:2
Qol: Allevinah, 21. Aquer, 81-öz qapısına – Bufal, 74-pen. Hakimi, 84.
Qana – Komor adaları 2:3
Qol: Boakye, 64. Djiku, 77 – Ben, 4. Moqni, 62; 85.
Xal durumu: Mərakeş – 7, Qabon – 5, Komor adaları – 3, Qana – 1.