FİFA DÇ-2022-nin seçmə mərhələsinin Argentina və Braziliya yığmaları arasındakı matçın təkrar oynanılacağını təsdiqləyib. Corner.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, qarşılaşmanın təkrar oynanılacağı tarixin daha sonra açıqlanacağı bildirilib.
Bildirək ki, ötən il sentyabrın 5-də San Pauloda keçirilən Braziliya – Argentina oyunu start fitindən cəmi 4 dəqiqə sonra görüş yarımçıq dayandırılıb və qonaqlar meydanı tərk ediblər. Buna meydana yerli polis və miqrasiya xidməti əməkdaşlarının daxil olması səbəb olub. Onlar Emiliano Martines, Emiliano Buendiya, Covanni Lo Çelso və Kristian Romeronu deportasiya etmək istəyiblər. Həmin futbolçular 10 günlük karantinə əməl etmədən Braziliyaya daxil olublar. FİFA da onları məhz koronavirus qaydalarını pozduqları üçün 2 oyunluq diskvalifikasiya edib. Təhlükəsizliklə bağlı pozuntulara görə Braziliya Futbol Konfederasiyası 500 min İsveçrə frankı, Argentina Futbol Assosiasiyasını isə nizam-intizam, hazırlıq və matçda iştirakla bağlı öhdəliklərə əməl etmədiyinə görə 200 min İsveçrə frankı məbləğində cərimələnib. Bundan başqa, görüşün təxirə salınması səbəbindən hər iki qurumdan ayrılıqda 50 min İsveçrə frankı cərimə ödəməsi tələb edilib.
Argentina və Braziliya yığmaları artıq Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Bu səbəbdən də təkrar matç tamamilə formal bir xarakter daşıyacaq.