Futbol üzrə Argentina milli komandası yoxlama oyununda qüvvəsini sınayıb. Corner.az xəbər verir ki, bir neçə gün öncə “Finalissima”da İtaliya yığmasına 3:0 hesabıyla qalib gələn Cənubi Amerika çempionu, Estoniya ilə qarşılaşıb.
Qarşılaşma argentinalıların 5:0 hesablı qələbəsiylə başa çatıb. Qalib komandanın bütün qollarına (8, 45, 47, 71 və 76-cı dəqiqələrdə) Lionel Messi imza atıb. O, karyerasında ikinci dəfə penta-trik müəllifi olub.
34 yaşlı hücumçu penta-trik sayəsində yığmadakı qol sayını 86-ya çatdırıb. O, bunun sayəsində milli komandaların ən yaxşı bombardirləri siyahısında da 4-cü yerə yüksəlib. Messi Macarıstan millisinin sabiq hücumçusu, 84 qolu olan Ferents Puşkaşı da geridə qoyub. İlk 3-lükdə Portuqaliya yığmasında qol sayını 117-yə çatdıran Kristiano Ronaldo, 109 qolla İran millisinin əslən azərbaycanlı hücumçusu Əli Daei və 89 qola malik Malayziyadan olan forvard Moxtar Dahari yer alıb.
Bu gün həm də Peru yığması Yeni Zelandiyaya, Kolumbiya isə Səudiyyə Ərəbistanına minimal hesabla qalib gəlib.
Yoxlama oyunları
5 iyun
Peru – Yeni Zelandiya 1:0
Səudiyyə Ərəbistanı – Kolumbiya 0:1
Argentina – Estoniya 5:0