5 dekabr 2025. Cümə

Dünya mətbuatı DÇ-2022-nin açılış matçından yazır


Dünya mətbuatı DÇ-2022-nin açılış matçından yazır
Ötən gün Qətərdə futbol üzrə dünya çempionatına start verildi. Corner.az xəbər verir ki, Qətər – Ekvador matçından öncə mundualın açılış mərasimi də keçirildi.
 
Sözügedən mərasimi bəyənənlər olduğu kimi, bəyənməyənlər də var. Dünya mətbuatı ilk dəfə bir müsəlman ölkəsində təşkil olunmuş mundialla və onun açılış mərasimi ilə bağlı fərqli mövqelərini deyib.
 
Böyük Britaniyanın əsas yayım korporasiyası olan BBC dünya çempionatının açılış mərasimini nümayiş etdirməyib. Mərasim yalnız bu kanalın veb-saytında yayımlanıb. Böyük efirdə isə Qari Lineker və Alan Şirer başda olmaqla qonaqlar və aparıcılar korrupsiyadan, Qətərdəki əmək miqrantlarının və LGBT icmasının nümayəndələrinin problemlərindən danışıblar, həmçinin FİFA və təşkilatın prezidenti Canni İnfantino barədə tənqidi fikirlər səsləndiriblər.
 
BBC-nin saytında nümayiş etdirilən açılış mərasimini “Əl-Beyt” stadionundan canlı şərh edən jurnalist Aleks Kapstik isə kifayət qədər müsbət fikirlər səsləndirib.
 
“The Guardian” daha çox Qətər yığmasının açılış matçında Ekvador millisinə qarşı sərgilədiyi zəif oyunu qabardıb. Nəşrin yazdığına görə, səhralıqda yaradılan nəhəng futbol infrastrukturunun yanında mundiala ev sahibliyi edən ölkə yığmasının məzmunsuz çıxışı yerli Qətər xalqına məyusluqdan başqa heç nə verməyib.
 
“The Daily Mail” də ənənəvi olaraq təşkilatçıları, xüsusilə FİFA prezidentini sərt tənqid edib. Lakin mundialın açılış mərasimi ilə bağlı müsbət fikirlər səsləndirilib.
 
İspaniyanın “Marca” qəzeti Qətər - Ekvador matçına ev sahibliyi edən “Əl-Beyt” stadionuna toplaşmış azarkeşlərin fasilədə arenanı tərk etməsinə diqqət çəkib. Məsələ burasındadır ki, açılış mərasimini izləməyə gələn azarkeşlərin böyük əksəriyyəti bu qarşılaşmanın ikinci hissəsini izləməyə ehtiyac duymayıb. Nəşrin yazdığına görə, stadionu erkən tərk edənlərin çoxu məhz qətərlilər olub. Çünki onlar yığma komandadan daha yaxşı oyun və nəticə gözlədikləri halda, Feliks Sançesin yetirmələri bərbad çıxışla onların ümidlərini puç ediblər.
 
İtaliyanın “La Gazzetta dello Sport” nəşri də Qətər yığmasının açılış matçındakı çıxışını əsl kabus adlandırıb. İlk matçın qəhrəmanı olan Ekvador yığmasının hücumçusu Enner Valensiyanın çıxışını xüsusi vurğulayan italiyalı həmkarlarımız, Qətər seçməsini sərt tənqid ediblər.






Dünya çempionatı

FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
  • Dünya çempionatı
  • 22:52 25.11.2025
FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
  • Dünya çempionatı
  • 22:48 25.11.2025
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”