- Dünya çempionatı
- 22:20 04.02.2026
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu - üçüncü tura start verilib. Corner.az xəbər verir ki, ilk olaraq A və B qruplarında mübarizə baş tutub.
A qrupunda 4 xalla ilk iki pilləni bölüşdürən Niderland ilə Ekvador yığmaları müvafiq olaraq, Qətər və Seneqalla üz-üzə gəlib. Hər iki kollektivi pley-offa yüksəlmək üçün heç-heçə də qane edirdisə, ev sahiblərinin qrupda qalması elə ikinci turdan sonra rəsmiləşmişdi. Son turda Niderland və Seneqal yığmaları qələbə qazanaraq 1/8 finala vəsiqə qazanıb. Qətərlə Ekvador yığmaları üçün isə mübarizə erkən başa çatıb.
B qrupunda İran millisi ABŞ-la, İngiltərə seçməsi Uelsə münasibətlərinə aydınlıq gətirib. Bu qrupda bütün komandaların 1/8 finala vəsiqə qazanmaq şansı vardı. Lakin yekunda İngiltərə və ABŞ yığmaları qələbə qazanıb və bunula da. 1/8 finala vəsiqəni təmin ediblər.
Xatırladaq ki, iki turdan sonra Fransa, Braziliya və Portuqaliya yığmaları da pley-offa vəsiqəni təmin etmişdilər.
Dünya çempionatı
29 noyabr
A qrupu
Ekvador - Seneqal 1:2
Qol: Moyses Kaysedo, 68 - İsmaila Sarr, 44-pen. Kalidu Kulibali, 70.
Baş hakim: Kleman Türpen (Fransa).
"Xəlifə" stadionu.
Niderland - Qətər 2:0
Qol: Kodi Qakpo, 26. Frenki De Yonq, 49.
Baş hakim: Bakari Qassama (Qambiya).
"Əl Beyt" stadionu.
Xal: Niderland - 7. Seneqal - 6. Ekvador - 4. Qətər - 0.
B qrupu
İran - ABŞ 0:1
Qol: Kristian Pulişiç, 38.
Baş hakim: Migel Mateu Laos (İspaniya).
"Al Tumama" stadionu.
Uels - İngiltərə 0:3
Qol: Markus Reşford, 50; 68. Fil Foden, 52.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
"Əhməd ibn Əli" stadionu.
Xal: İngiltərə - 7. ABŞ - 5. İran - 3. Uels - 1.