Əfsanəvi futbolçu Pele Braziliya millisinin DÇ-2022-nin 1/8 final mərhələsində Cənubi Koreyaya qalib gəlməsi (4:1) barədə fikirlərini bildirib. Corner.az xəbər verir ki, 82 yaşlı keçmiş futbolçu “sambaçılar”ın qələbəsini belə şərh edib:
“Bu hiss rahatlıq və xoşbəxtliyin qarışığı kimidir. Onlar mənim günümün xoşbəxt sonluqla bitməsinə səbəb oldular”.
Bildirək ki, Braziliya millisinin futbolçuları Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya üzərində qazandıqları qələbəni həmyerliləri Peleyə həsr ediblər. Oyunçular final fitindən sonra meydanın mərkəzində üzərində yığmanın əfsanəvi hücumçusunun fotosu və adı yazılmış banner açıblar. Onlar xəstəxanada müalicə alan veteran oyunçuya öz dəstəklərini nümayiş etdiriblər.
Bağırsaq xərçəngi ilə mübarizə aparan əfsanəvi oyunçunun vəziyyətinin qənaətbəxş olmadığı bildirilir. O, noyabrın 30-da bədənin ümumi şişməsi, o cümlədən, ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Braziliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiya yığması ilə qarşılaşacaq.