Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi əfsanəvi braziliyalı Pelenin dünya çempionatlarının pley-off mərhələlərində ən çox assist etmə rekordunu yeniləyib. Corner.az xəbər verir ki, 35 yaşlı kapitan DÇ-2022-nin 1/4 final mərhələsində Niderlandla oyunda bunu bacarıb.
Nahuel Molinanın 35-ci dəqiqədə vurduğu qolun məhsuldar ötürməsini verən təcrübəli forvard pley-offlarda 5-ci assist müəllifi olub. Ona qədər Pele 4 qol ötürməsi ilə rekordçu idi.
Messi mundialların bütün mərhələlərində ümumi assist saynı isə 7-yə çatdırıb. Bununla o, hazırda Qjeqoj Lato (Polşa) və Pyer Littbarski (Almaniya) ilə birlikdə ikinci sıranı bölüşdürür. Argentina yığmasının kapitanı hazırda dünya çempionatlarında ən çox məhsuldar ötürmə sahibi olan həmyerlisi Dieqo Maradonadan 1 assist geri qalır. Maradona mundiallarda aktivinə 8 qol ötürməsi yazdırıb.
Niderlandla 1/4 final oyununda qol da vuran Messi daha bir ulduza şərik olub. Argentina millisində 10 qol vurmuş Qabriel Batistuta indi zirvədə Leoyla şərikdir. Messi Xorvatiya ilə yarımfinal oyununda da fərqlənə bilsə, mütləq rekordçu olacaq.